2022-09-27

Madrid şəhərində 27 sentyabr - Azərbaycan Respublikasında Anım Günü ilə bağlı mərasim keçirilib

     

Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, yerli kütləvi informasiya vasitələrinin, İspaniya ictimaiyyətinin, Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Ramiz Həsənov 2020-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistan Respublikasının silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını almaq üçün başladığı cavab tədbirlərinin başlamasından iki ilin ötdüyünü qeyd edib.

Diqqətə çatdırılıb ki, Vətən müharibəsi Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzünə son qoymuş, ölkəmizin ərazi bütövlüyü təmin edilmiş, bir milyona yaxın soydaşımızın fundamental hüquqları bərpa edilmişdir. Məhz Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin etmişdir.

Xüsusi olaraq vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Ordusunun şücaəti nəticəsində əldə etdiyimiz Qələbə Azərbaycan Respublikası tarixinin yeni dövrünü açmış, beynəlxalq ədaləti bərqərar edilmiş, bölgə yeni sabitlik və inkişaf dövrünə qədəm qoymuşdur.

Ermənistan tərəfindən işğal altında olmuş Azərbaycan ərazilərində törədilmiş cinayətlər və qeyri-qanuni fəaliyyət barədə məlumat verilərək, ərazilərimizdə kütləvi şəkildə tank və piyada əleyhinə minaların yerləşdirildiyi, Azərbaycanın tarixi, mədəni, dini irsinin məqsədli şəkildə dağıdıldığı, mənimsənildiyi, təbii ehtiyatların talan edildiyi, şəhərlərimizdə urbisid və vandalizmin həyata keçirildiyi diqqətə çatdırılıb.

Səfir Ramiz Həsənov diqqətə çatdırıb ki, hazırda azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işlərini həyata keçirən, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü, bu torpaqların reinteqrasiyasını təmin etmək üçün ardıcıl addımlar atan Azərbaycan Hökuməti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin olunması istiqamətində ardıcıl və genişmiqyaslı tədbirlər həyata keçirir.

Çıxışdan sonra Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edilib.

Daha sonra 27 sentyabr - Azərbaycan Respublikasında Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.Anım mərasimi zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində şanlı qələbəsinə həsr olunmuş məlumat kitabçaları, broşürlər tədbir iştirakçıları arasında yayılıb.

Arxiv üzrə axtarış