Barselonada Zəfər Günü qeyd olunub
İspaniyanın Barselona şəhərində Azərbaycanın 44 günlük Vətən müharibəsinə həsr olunmuş Zəfər Günü tədbiri keçirilib.
Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Barselona ictimaiyyətinin nümayəndələri, burada yaşayan soydaşlarımız iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi yolunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla və dərin ehtiramla anılıb.
Tədbirdə çıxış edən Azərbaycanın bu ölkədəki səfiri Ramiz Həsənov diqqətə çatdırıb ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərimizin bərpası, məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması üçün genişmiqyaslı bərpa, quruculuq və reabilitasiya layihələri həyata keçirir.
Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı, səfərbər və həmrəy olaraq, torpaqlarımızın işğaldan azad edilməsi, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başlayıb. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib.
Səfir bildirib ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, Ermənistanın məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib.
R.Həsənov qeyd edib ki, Azərbaycan regionda davamlı sülh və stabilliyin təmin olunmasının tərəfdarıdır. Lakin bu sülh ədalətli olmalıdır. Ölkəmizin tarixi qələbəsində Ali Baş Komandanın uzaqgörən siyasəti, qətiyyəti, habelə qəhrəman hərbiçilərimizin şücaəti həlledici olub. “Yaşasın Qarabağ! Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan!”, - deyə səfir söyləyib.
Zəfər Gününə həsr olunmuş tədbir konsertlə davam edib.
Maraqlı konsert proqramında Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun üzvləri - tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov və nağarada Əməkdar artist Kamran Kərimov çıxış edərək Azərbaycan muğamları, xalq mahnılarımızı dinləyicilərə təqdim ediblər.