2022-11-23

Madriddə Azərbaycanın turizm imkanlarının təqdimatına həsr olunmuş tədbir keçirilib

 

Azərbaycan Respublikasının İspaniya Krallığında Səfirliyinin və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə cari ilin 16 noyabr tarixində Madrid şəhərində ölkəmizin turizm imkanlarının təbliği və tanıdılması məqsədilə tədbir keçirilmişdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən səfir, daimi nümayəndə Ramiz Həsənov Azərbaycanda turizmin inkişafı üçün əlverişli şəraitdən, bu sahədə mövcud normativ-hüquqi bazadan söz açmış, ölkəmizdə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sənayesinin formalaşdırılması və onun ölkə iqtisadiyyatındakı xüsusi çəkisinin daha da artırılması, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən müvafiq Sərəncamlar imzalanması, habelə Azərbaycan Respublikasında turizmin dayanıqlı inkişafını təmin etmək məqsədilə turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını özündə ehtiva edən “Turizm haqqında Azərbaycan Respublikasının Qanunu” 27 dekabr 2021-ci il tarixində qüvvəyə minməsi barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.

Azərbaycan turizm sahəsində digər ölkələrlə, o cümlədən Ümumdünya Turizm Təşkilatı ilə münasibətlərinə xüsusi önəm verdiyini qeyd edən səfir Ramiz Həsənov, 2001-ci ildə BMT-nin Ümumdünya Turizm Təşkilatının tam-hüquqlu üzvü olmuş Azərbaycanın ilk dəfə 2013-cü ildə təşkilatın İcraiyyə Şurasının 2014-2017-ci illər üzrə seçildiyini, sədrliyi dövründə ölkəmizin “Turizmin Davamlı İnkişafı İli” çərçivəsində turizmin qlobal miqyasda inkişafına töhfə verdiyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, ölkəmiz 2017-ci ildə uğurla İcraiyyə Şurasına sədrlik etmiş, həmçinin, 2017-ci ildə ikinci dəfə təşkilatın İcraiyyə Şurasının 2018-2021-ci illər üzrə üzvü seçilmişdir.

Azərbaycanın Ümumdünya Turizm Təşkilatının bir sıra vacib tədbirlərinə ev sahibliyi etdiyinə toxunan səfir Ramiz Həsənov, 2009-cu ildə Ümumdünya Turizm Təşkilatının Avropa Şurasının 4-cü görüşünü, 2013-cü ildə Ümumdünya Turizm Təşkilatının Avropa üzrə regional komissiyasının 57-ci iclasını, 2019-cu ildə Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu iclasını xüsusi olaraq qeyd etmişdir.

Vurğulanmışdır ki, Azərbaycan 2013-cü ildə BMT-nin “Turizm üzün Qlobal Etika Məcəlləsi” Konvensiyasının, o cümlədən təşkilatın bir sıra qətnamələrinin və digər sənədlərin işlənib-hazırlanmasında fəal rol oynamışdır.

Ölkəmizin 9 sentyabr 2022-ci il tarixində 2023-2027-ci illər üzrə İcraiyyə Şurasının Avropa regionu üçün ayrılmış yerlərdən birinə namizədliyini irəli sürdüyü qeyd olunaraq, Avropa regional komissiyasının dəyərli etimadı sayəsində ölkəmizin UNWTO-nun İcraiyyə Şurasında turizmin daha da inkişaf etdirilməsi istiqamətində öz fəaliyyətini davam etdirəcəyinə ümidvar olduğumuz qeyd olunmuşdur.

Daha sonra çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanda son illərdə turizm sahəsinin inkişafına ölkə rəhbərliyi tərəfindən göstərilən diqqətdən söz açmışdır.

Sədr Fuad Nağıyev çıxışında maddi və mədəni irs yerlərinin qorunub saxlanması ilə turizm məqsədləri üçün istifadə edilməsi, eyni zamanda tanıdılması məqsədini daşıyan “Mədəni irs üçün səyahət” təşəbbüsünün irəli sürülməsi barədə məlumat verərək, Azərbaycanın zəngin xristian və yəhudi irsinə, tolerantlıq və multikulturalizm kimi

dəyərlərə malik olması, indiyədək UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına salınan maddi və qeyri-maddi mədəni irs nümunələrindən bəhs etmişdir.

İşğaldan azad olunmuş ərazilərimizdə maddi və mədəni irs nümunələrimizin işğal müddətində kütləvi dağıdılaraq məhv edildiyi, Azərbaycan dövləti tərəfindən həmin ərazilərin və dağıdılmış maddi-mədəni irs abidələrinin, o cümlədən Alban-xristian və Qafqaz-alban mədəniyyətinə məxsus kilsə və abidələrin bərpası istiqamətində genişmiqyaslı işlərin aparıldığı diqqətə çatdırılmışdır.

Ölkəmizlə UNWTO arasında əməkdaşlıq əlaqələrinə toxunan sədr Fuad Nağıyev Azərbaycanın 2013-2017 və 2018-2021-ci illərdə UNWTO-nun İcraiyyə Şurasına üzv seçildiyini, bu müddət ərzində təşkilatın Avropa Regional Komissiyasının 49-cu və 57-ci iclaslarına, İcraiyyə Şurasının 110-cu sessiyası daxil olmaqla bir neçə böyük tədbirlərə ev sahibliyi etdiyini bildirmiş, ölkəmizin 2023-2027-ci illərdə İcraiyyə Şurasına üzv seçilmək üçün namizədliyi irəli sürdüyünü qeyd etmişdir.

Sədr Fuad Nağıyev növbəti illər üçün UNWTO-nun mədəni irs turizmi ilə yanaşı, təhsil, rəqəmsal turizm və tədbirlər turizminin inkişaf etdirilməsi istiqamətində fəaliyyətinin vacibliyini də diqqətə çatdırmışdır.

Tədbirdə Azərbaycan Turizm Bürosunu Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycanın turizm imkanları haqqında təqdimatla çıxış etmişdir. O, turizm məhsulları və marşrutları, UNESCO-nun maddi və qeyri-maddi mədəni irs siyahısına salınan nümunələr, eləcə də Azərbaycandakı zəngin alman və yəhudi irsi, qış turizm imkanları haqqında qonaqlara məlumat vermişdir.

Tədbir çərçivəsində qonaqlara milli kulinariya nümunələrimiz və şərabçılıq məhsullarımız təqdim olunmuşdur. Əməkdar artist Şəhriyar İmanovun ifasında milli və Avropa musiqisi nümunələri tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır.

Tədbirdə BMT-nin Ümumdünya Turizm Təşkilatına üzv olan ölkələrin İspaniyaya akkreditə olunmuş səfirləri, Ümumdünya Turizm Təşkilatının nümayəndələri, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.

Arxiv üzrə axtarış