2023-04-07

Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavininin Madridə işgüzar səfəri

 

 

Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin Madridə işgüzar səfəri çərçivəsində bir sıra görüşlər baş tutub.

Martın 27-də Sənaye, Turizm və Ticarət Nazirliyinin Xarici Ticarət üzrə Dövlət Katibi Şiana Marqarida Mendes Bertolo ilə görüş keçirilmiş, görüşdə İspaniya ilə iqtisadi əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın ardıcıl inkişaf perspektivləri müzakirə edilmişdir. Habelə qarşılıqlı investisiyaların artırılması istiqamətində konstruktiv addımların vacibliyi vurğulanıb. Tərəflər iki ölkə arasında qarşılıqlı investisiyaların artırılması və onların hüquqi bazası baxımından “Azərbaycan Respublikası Hökuməti və İspaniya Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”in hazırlanmasının vacibliyini vurğulayıblar.

Martın 28-də Beynəlxalq Zeytun Şurasının icraçı direktoru Əbdüllətif Xedira ilə görüş keçirilib və Azərbaycanın Beynəlxalq Zeytun Şurasına üzv olması ilə bağlı məsələlər müzakirə olunub. Görüşdə zeytun istehsalının əsas istiqamətləri, təcrübə mübadiləsi və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin martın 28-də iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İspaniya parlamentinin Deputatlar Konqresinin İqtisadi məsələlər Komitəsinin sədri Selso Luis Delqado Ars və Sənaye Komitəsinin sədri Xuan Kapdevila ilə görüşüb. Azərbaycan nümayəndə heyəti görüşlərdə Azərbaycan və İspaniya arasında hökumətlərarası komissiya və işçi qrupunun yaradılması, İspaniya Krallığının ölkəmizdə səfirliyinin açılması, eləcə də ikitərəfli əməkdaşlıqda ticarət və turizm potensialının təşviq olunması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verdiyini, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş olduğunu vurğulayan Elnur Əliyev ispan parlamentarilərə ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin hazırkı vəziyyəti barədə məlumat verib. Qeyd olunub ki, ticarət əlaqələrinin şaxələndirilməsi iqtisadi gündəmimizin prioritet istiqamətlərindən biridir və bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi imkanları olduqca əhəmiyyətlidir.

Azərbaycan tərəfi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafının milli prioritetləri proqramı və əldə olunan uğurlar qeyd edilib.

Deputatlar Konqresinin komitə sədrləri Azərbaycanla əməkdaşlığın vacibliyini, ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsinin zəruriliyini və birgə iqtisadi layihələrin həyata keçirilməsi perspektivlərini vurğulayıblar.

Səfər çərçivəsində həmçinin İspaniya Ticarət və Sənaye Palatasında “Biznes fórum” keçirilib. Tədbirdə İspaniyanın “yaşıl enerji”, kənd təsərrüfatı, turizm və su təsərrüfatı sahələrindəki zəngin təcrübəsinin Azərbaycanda tətbiq imkanları müzakirə edilib. Nazir müavini tədbirdə iştirak edən ispan şirkətlərinin nümayəndələrinə işğaldan azad edilmiş ərazilərimizə və sənaye parklarına investisiya imkanları, eləcə də ikitərəfli əməkdaşlığın üstünlükləri barədə məlumat verib. Görüş zamanı qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. 

 

Arxiv üzrə axtarış