2023-05-22

Madriddə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi təntənə ilə qeyd edilib

 

Mayın 10-da Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə Madriddə müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd edilib.

Tədbirdə BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, İspaniya hökumətinin yüksək vəzifəli rəsmiləri və Parlamentinin üzvləri, Madrid şəhər bələdiyyəsinin nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbər şəxsləri, səfirlər, eləcə də bir sıra düşüncə mərkəzləri və akademik dairələrdən olan gənc tədqiqatçılar, mədəniyyət xadimləri, mötəbər media nümayəndələri, habelə yerli ictimaiyyətin və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Ölkəmizin İspaniya Krallığı və Andorra Knyazlığındakı səfiri Ramiz Həsənov çıxışında müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin dövlətin ən mürəkkəb vaxtlarında onu tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarmasından, dahi şəxsiyyətin fəaliyyətindən danışıb.

Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsindən söz açan səfir, 1991-1993-cü illərdə ölkənin vətəndaş müharibəsi və müstəqilliyinin itirilməsi astanasında olduğunu, habelə Azərbaycanda iqtisadi və siyasi qeyri-sabitliyin hökm sürdüyünü qeyd edib. O, Heydər Əliyevin müstəqilliyimizin ən ağır vaxtında xalqın tələbi ilə 1993-cü ilin iyun ayında hakimiyyətə yenidən gəldiyini diqqətə çatdırıb və ölkədə xaos və anarxiyanı, iqtisadi və siyasi çətinlikləri aradan qaldıraraq Azərbaycanın müstəqilliyini əbədi etdiyini bildirib.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ölkə tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub. Məhz Ulu Öndərin prezidentliyi dövründə güclü, müstəqil və demokratik dövlət quruculuğunu, beynəlxalq əlaqələrin qurulmasını və Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını özündə əks etdirən milli inkişaf strategiyası hazırlanıb.

Ümummilli Liderin müdrik dövlət xadimi kimi müasir dünya tarixində parlaq və silinməz iz qoyduğunu deyən Səfir Heydər Əliyevin strateji baxışı və uzaqgörən siyasətinin nəticəsində Azərbaycanın dünya iqtisadi sisteminə qoşulması və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi üçün şəraitin yarandığını əlavə edib.

Vurğulanıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan “Əsrin müqaviləsi” sazişinin gerçəkləşməsi, beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması və Azərbaycanın təşəbbüsü ilə başladılan meqalayihələrin sayəsində Azərbaycan Avropanın enerji təchizatı xəritəsinin yenidən qurulmasında əhəmiyyətli rol alıb və Avropanın enerji təhlükəsizliyi və şaxələndirilmiş enerji marşrutlarına mühüm töhfələr verib.

Səfir həmçinin, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Heydər Əliyevin əvəzsiz xidmətlərindən, işğal olunmuş əzəli torpaqlarımızın sülh yolu ilə geri qaytarılması üçün apardığı xarici siyasət kursundan bəhs edib. Vurğulanıb ki, Ulu öndər Qarabağın işğaldan azad edilməsi və məcburi köçkünlərin öz yurd-yuvalarına layiqli şəkildə qayıtması üçün təminatların yaradılması məsələsini Azərbaycanın prioriteti hesab edərək ölkənin bütün resurslarını tarixi ədalətin bərpası üçün səfərbər edib.

Bildirilib ki, Heydər Əliyev irsi qızıl hərflərlə Azərbaycan tarixinə həkk olunub, Azərbaycan xalqı ümummilli liderin xatirəsini əbədi olaraq əziz və uca tutacaq. Ulu Öndərin uzaqgörən yanaşması, xarici təhlükə və təhdidlərdən qoruması sayəsində bu gün Azərbaycan sabitlik diyarına çevrilib. Onun müdrik siyasətinin bu gün uğurla davam etdirilməsi nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutub.

Səfir onu da qeyd edib ki, Ulu Öndər Azərbaycanın ərazi bütövlüyünün bərpasına hər zaman inanıb və məcburi köçkünlərin öz yurd-yuvalarına layiqli şəkildə qayıtması onun ən ümdə arzusu olub. Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən Müharibəsində qazanılan qələbə ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Üçrəngli bayrağımız Azərbaycan torpaqlarında, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərində yenidən şərəflə qaldırılıb.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbir musiqi sahəsində Avropanın ən nüfuzlu təhsil ocaqlarından sayılan Kraliça Sofiya Musiqi Məktəbinin görkəmli məzunlarının – azərbaycanlı Kamran Ömərli (skripka) və ukraynalı Vadim Qladkovun (fortepiano) ifasında Azərbaycan və Avropa klassik musiqisinin möhtəşəm nümunələrindən ibarət konsert proqramı ilə davam edib.

 

Arxiv üzrə axtarış