27 sentyabr Anım Günü İspaniya Krallığının paytaxtı Madrid şəhərində yad edilib
Tədbirdə İspaniyada yaşayan həmvətənlərimiz, habelə Madridin müxtəlif universitetlərində təhsil alan Azərbaycanlı tələbələr və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda mübarizədə canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Vətən müharibəsi şəhidlərinə həsr olunmuş video-çarx nümayiş etdirilib.
Ölkəmizin İspaniyadakı səfiri Ramiz Həsənov tədbirdə çıxış edərək bu günün xalqımızın qəhrəmanlıq tarixində mühüm yer tutduğunu vurğulayıb. Səfir qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, 27 sentyabr tarixinin Anım günü kimi qeyd edilməsi dövlətçiliyimiz üçün xüsusi əhəmiyyət kəsb etməsinin bariz sübutudur.
Səfir çıxışında Ermənistan Respublikasının silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını almaq naminə şanlı ordumuzun 2020-ci ilin bu günündə cavab tədbirlərini başlamasından və bu tarixin məntiqi sonluğu kimi 2023-cü ildə anti-terror tədbirlərinin həyata keçirilməsi ilə Azərbaycanın tam olaraq öz suverenliyi və ərazi bütövlüyünü bərpa etməsindən söz açıb. O, Vətən müharibəsinin ümidlə gözlədiyimiz nəticələrini - ərazilərimizin işğaldan azad olunması, əzəli torpaqlarımıza əsl sahiblərinin əbədi qaytarılmasını gerçəkləşdirən və beləliklə bölgədə böyük siyasi-iqtisadi proseslər, çoxtərəfli regional əməkdaşlıq üçün tarixi fürsət yaradan hadisələrə dair fikirlərini bölüşüb.
Ramiz Həsənov həmçinin, gənclərə səslənərək hər bir Azərbaycan vətəndaşının çiyinlərində 30 illik Ermənistan təcavüzünün izlərini silmək və birlikdə işğal yaralarını sağaltmaq kimi şərəfli vəzifənin olmasını bildirib. O, tədbirdə iştirak edən gənclərin əsl vətənpərvər Azərbaycan övladları kimi bu vəzifənin məsuliyyətini anladığına və kənar qüvvələrin təzyiqi, qərəzli mövqeyi və Azərbaycan əleyhinə apardığı qarayaxma kampaniyalarına baxmayaraq dövlətimizin bütün çətinlikləri məharətlə sinə gərməsini dərk etdiyinə əmin olduğunu diqqətə çatdırıb.
Daha sonra, qeyd olunub ki, uzun illər məcburi köçkün və qaçqın statusunda, ağır şərtlər altında yaşamış soydaşlarımızın öz ata-baba torpaqlarına qayıtmasına şahid olmaq böyük bir fəxrdir. Hamımızın xoşbəxt bir nəsil kimi bu tarixi yaşamasının sözlə ifadə olunmayacaq qədər böyük sevinc hissi olması vurğulanıb.
“Azərbaycan bu gün məğrur duruşlu qalib dövlətdir, bundan sonra da MÜZƏFFƏR XALQ və QALİB DÖVLƏT kimi əbədi yaşayacaq.”
Sonda Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə ehsan süfrəsi verilmişdir.