2021-04-05

Azərbaycan Respublikasının vətəndaşlarının nəzərinə!

Məlum olduğu kimi, 10 dekabr 2020-ci il tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un müddəalarına uyğun olaraq, 1 aprel 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikasının vətəndaşları diplomatik, xidməti və ümumvətəndaş pasportları, eləcə də Azərbaycan Respublikası vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi əsasında Türkiyə Respublikasına vizadan azad şəkildə səyahət etmək imkanı əldə etmişlər.

Bununla yanaşı, qeyd olunan vizasız səyahət rejimi Azərbaycan Respublikasının vətəndaşı olan dənizçinin şəxsiyyət sənədi, dəmiryolu nəqliyyatı işçisinin şəxsiyyət vəsiqəsi, uçuş heyətinin şəxsiyyət vəsiqəsi və Azərbaycan Respublikasının vətəndaşına rəsmiləşdirilən Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi ilə Türkiyə Respublikasına səfər edəcək Azərbaycan Respublikasının vətəndaşlarına da şamil edilmişdir.

Azərbaycan Respublikası vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi, eləcə də yuxarıda qeyd olunan digər sərhədkeçmə sənədləri Türkiyə Respublikasının ərazisinə giriş tarixindən etibarən ən azı otuz gün etibarlılıq müddətinə malik olmalıdır.

Yuxarıda sadalanan etibarlı sərhədkeçmə sənədlərinə malik olan Azərbaycan Respublikasının vətəndaşları Türkiyə Respublikasının ərazisinə daxil olmaq, tranzit keçmək və burada qalmaq üçün doxsan gün müddətinə viza tələbindən azaddırlar.

 

Arxiv üzrə axtarış